Onun verdiyi ən diqqətəlayiq məlumat budur ki, Rutte Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətləri arasındakı danışıqlarda da iştirak edəcək. Görünür, Rutte Vaşinqtona səfəri zamanı Donald Trampın NATO-nun gələcəyi ilə bağlı təsəvvürlərini anlamağa çalışacaq. Bu yaxınlarda ABŞ mətbuatında Donald Trampın NATO-da ABŞ-nin iştirak formatında, o cümlədən məşhur 5-ci maddənin tətbiqi ilə bağlı dəyişiklikləri nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı.
Avropa İttifaqı liderlərinin Avropa təhlükəsizlik sistemi və Avropa müdafiə strukturunun yaradılması zərurəti barədə aşkar və aydın şəkildə danışmağa başlaması göstərir ki, NATO-nun transformasiyası ilə bağlı gözləntilər kifayət qədər realistikdir. Xüsusilə diqqətəlayiqdir ki, Aİ təhlükəsizlik sisteminin yaradılması NATO ilə koordinasiyalı şəkildə, NATO-nun resurs və imkanlarından istifadə edilərək həyata keçirilməsi nəzərdə tutulur. Bu resursların bir hissəsi, əlbəttə, məhz Avropa İttifaqının vəsaitləri hesabına formalaşır.
Səudiyyə Ərəbistanında ABŞ-Ukrayna danışıqlarında Ruttenin iştirak faktı da göstərir ki, NATO ilə bağlı müəyyən yenidən baxışlar hazırlanır. Bu yenidən baxışların məntiqi, ehtimal ki, alyansın Ukrayna məsələsində müəyyən məsuliyyət götürəcəyi, lakin ABŞ-siz fəaliyyət göstərəcəyi olacaq. Hər halda, faktiki olaraq, Rutte Səudiyyə Ərəbistanında üçüncü tərəf olacaq, yəni de-fakto üçtərəfli danışıqlar aparılacaq.
Ümumiyyətlə, görünür, Tramp administrasiyası beynəlxalq təhlükəsizlik sistemində ABŞ-nin iştirakını optimallaşdırmağa və onu, necə deyərlər, ərazi əsaslıdan hədəf əsaslıya çevirməyə çalışır. Bu, ABŞ-nin NATO səhifəsini bağladığı anlamına gələcəkmi? Aydındır ki, Avropa buna hazırlaşır və hesab edir ki, beynəlxalq hadisələrin məntiqi avroatlantik alyansın beynəlxalq yeni münasibətlərdə ən azı öz “klassik” formasını və xarakterini saxlamayacağını təlqin edir.
Asif Cəfərov
Ordu.az